
Küveytin “Bobiannews.net”, “Dasman news” və “q8-press.com” elektron xəbər portallarında “Azərbaycanın İslam ölkələri ilə əlaqələrinin inkişafında və möhkəmləndirilməsində mərhum Liderin böyük rolu” sərlövhəli geniş məqalə dərc olunub.
Yazıda Azərbaycan-Küveyt münasibətlərinin inkişafının da Ulu Öndər Heydər Əliyevin dövründən başlandığı diqqətə çatdırılıb. Məqalədə deyilir: “Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümünü, İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 32-ci ildönümünü qeyd edərək, mərhum rəhbərin İslam ölkələri ilə əlaqələrin inkişafında və möhkəmlənməsində oynadığı böyük rolu xatırladıb”.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümünü qeyd edərkən, onun parlaq, əziz xatirəsi Azərbaycanda, eləcə də ölkədən kənarda böyük hörmət və ehtiramla xatırlanır. Bu dahi şəxsiyyət haqqında Azərbaycanda və dünyanın bir sıra ölkələrində çoxlu kitablar nəşr olunub, filmlər çəkilib, məqalələr dərc edilib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini kimi ölkənin beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak edib, Afrika və Asiyanın müxtəlif İslam ölkələrində dəfələrlə işgüzar səfərlərdə olub. O, həmçinin sovet rəhbərliyinin Yaxın və Orta Şərq ölkələrinin liderləri ilə apardığı siyasi danışıqlarda və müzakirələrdə yaxından iştirak edib, tez-tez bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olub. 1982-1987-ci illər ərzində Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və digər İslam ölkələrinə etdiyi səfərlər onu bütün İslam dünyasının ən görkəmli siyasətçilərindən biri kimi tanıdıb.
Məqalədə bildirilir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dünyada İslam həmrəyliyinin gücləndirilməsi Bakının xarici siyasətində prioritet məsələlərdən birinə çevrilib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı 1991-ci il dekabr ayının 8-də Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat idi və nəticədə, üzv dövlətlərlə diplomatik əlaqələr quruldu.
Küveyt portalları yazıb ki, Ümummilli Lider Heydər Əliyev İslam Konfransı Təşkilatının İslam həmrəyliyi ideyasının beynəlxalq aləmdə dəstəklənməsi sahəsində fəaliyyətini yüksək qiymətləndirdi. O, təşkilatın dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində 1994-cü il dekabrın 13-də keçirilən Zirvə görüşündə İƏT-in fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı məhz bu nəcib məqsədlərə xidmət edir”. Eyni zamanda, Heydər Əliyev Zirvə toplantısında iştirak etmək üçün Mərakeşə səfəri çərçivəsində Küveyt Dövlətinin mərhum Əmiri Əlahəzrət Şeyx Cabir Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşüb. 2001-ci il sentyabrın 27-də Bakıda səfərdə olan Küveyt nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevlə görüşündə Küveyt-Azərbaycan əməkdaşlığı, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilib.
Məqalədə vurğulanıb: “Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti hazırkı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir. İlham Əliyevin 2009-cu il fevral ayının 10-da Küveytə rəsmi səfəri iki ölkə arasında münasibətlərdə mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Küveyt Dövlətinin mərhum Əmiri Əlahəzrət Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşdə tərəflər iki ölkə arasında əlaqələrin davamlı inkişafda olduğunu və ikitərəfli siyasi münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyiblər. Küveytin mərhum əmiri Əlahəzrət Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah Prezident İlham Əliyevi ölkənin ən yüksək mükafatı olan “Mübarək Əl-Kəbir” ordeni, Azərbaycan Prezidenti isə Küveyt Əmirini ölkənin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib.
