VƏTƏN MÜHARİBƏSİNƏ GEDƏN YOLUN ƏSAS MƏRHƏLƏLƏRİNDƏN OLAN TOVUZ DÖYÜŞLƏRİNDƏN BİR İL ÖTÜR

Azərbaycanlı şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz (İyul) döyüşlərinin başlamasından bir il ötür. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

Döyüşlərin birinci günündə – ötən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində və istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər.

Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və düşmən itki verərək geri oturdulub. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altında olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Ordumuzun hərbi qulluqçularından iki nəfər şəhid olub, beş nəfər isə yaralanıb. Ağır yaralanan hərbi qulluqçumuzdan bir də şəhid olub. Döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

İyulun 13-nə keçən gecə Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərini yenidən atəşə tutub. Düşmən Tovuz rayonunun Ağdam kəndini minaatanlardan atəşə tutub. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər. Bu sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə bölmələrimiz düşmənə qarşı cəza tədbirləri görüblər. Düşmən tərəfi təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərib. Bu hücumun da qarşısı alınıb. Qarşı tərəfi itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar olub. Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıb. Cəza tədbirləri davam etdirilib.

İyulun 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib. Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

İyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar. Həmçinin düşmən hücumunun qarşısını alarkən döyüşdə beş hərbi qulluqçumuz da şəhid olub. Bu, Azərbaycan Ordusunun general və digər yüksək rütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttidə döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin gün bu istiqamətdə vəziyyət gərgin olaraq qalıb, ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edib.

Bu hadisədən sonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. İyulun 14-də düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edib. Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayıb və onların qisası tezliklə alınıb. Həmişə olduğu kimi, bu dəfə vəziyyət gərginləşdikdə düşmən dərhal yaşayış məntəqələrimizi atəşə tutmağa başlayıb. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində rayonun Ağdam kəndinin sakini həlak olub.

İyulun 14-də Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Həmçinin düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə məhv edilib. Tovuz rayonu istiqamətində milli ordumuzun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri bölmələrinin uzunmüddətli atəş nöqtəsi və dayaq məntəqəsi darmadağın edilib.

İyulun 15-də düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə edərək atəş açsa da, cavab atəşi ilə susdurulub. Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin daha bir uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerlə-yeksan edilib.

İyulun 16-da səhər saatlarından başlayaraq mövqelərimizə yenidən hücuma göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin düşmən cavab atəşi ilə susdurulub.

İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.

Tovuz döyüşlərinin ən böyük önəmi həm də xalqımızın düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuza yüksək həmrəylik nümayiş etdirməsi idi. İyulun 14-dən 15-nə keçən on minlərlə gənc Bakıda yürüş edərək Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdi. Növbəti günlərdən başlayaraq, minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında arzularını ifadə edib və müvafiq qaydada qeydiyyata alınıblar.

Arazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadı, xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.