GECƏ ABŞERON YARIMADASINDA YAĞIŞIN SULU QARLA QARIŞIQ YAĞMASI GÖZLƏNİLİR

Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısa müddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 5-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 766 millimetr civə sütunu, nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.