Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab işıq üzü görüb.
Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Bütün xalqımız kimi Azərbaycan yazıçılarının da 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət, sona yetdi.
Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb.
“Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.