MİQRASİYA ORQANLARINA QƏBUL İMTАHАNININ NƏTİCƏLƏRİ AÇIQLANIB

Dövlət İmtahan Mərkəzinin (DİM) dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb.

DİM-dən bildirilib ki, imtahanın nəticələrinə əsasən, 67 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 197 nəfərdən 7-si imtahana gəlməyib.

Qeyd edək ki, imtahanda 100 qapalı tipli test tapşırığı təqdim olunur. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər sualın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası dekabrın 12-14-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.