
Böyük Britaniyanın “Virgin Atlantic” aviakompaniyasının əsasən yağ tullantılardan hazırlanan aşağı emissiyalı yanacaqla işləyən “Boeing 787” təyyarəsi ilk dəfə olaraq transatlantik kommersiya uçuşunu həyata keçirib.
“Welt” qəzeti xəbər verir ki, Londondan Nyu-Yorka uçan təyyarənin göyərtəsində havaya atılan karbon miqdarını qiymətləndirən tədqiqatçılar, həmçinin aviaşirkətin üzvləri və siyasətçilər, o cümlədən Böyük Britaniyanın Baş naziri Rişi Sunak olub.
Bioloji yanacağın effektivliyini nümayiş etdirən “Virgin Atlantic” aviakompaniyası istehsalı artırmaq niyyətindədir. Lakin ekoloji fəallar bunun problemli olduğunu düşünürlər. Belə ki, emissiyaları azaltmaq üçün bu tip yanacağı kifayət qədər istehsal etmək çətin prosesdir.
Tədqiqatçılar bioloji tullantılardan uzun məsafələrə gedən yük maşınları, avtobuslar və gəmilər üçün yanacaq istehsalı üzərində də çalışırlar. Bioloji yanacaq ümumi aviasiya yanacağının yalnız 0,1 faizini təşkil edir və London 2030-cu ilədək təyyarə yanacağının on faizini bioloji mənbələrdən əldə etməyi hədəfləyir.
