“İSLAM DÜNYASININ VƏ AZƏRBAYCANIN KLASSİK POEZİYASI VƏ MUSİQİSİ MƏDƏNİYYƏTLƏRARASI SƏSLƏŞMƏNİN “İPƏK YOLU” KİMİ” – KONFRANS

“Başa çatmaqda olan 2023-cü il bir çox yubileylərlə yadda qalır. İlk növbədə, 2023-cü il xalqımızın yaddaşında “Heydər Əliyev İli” kimi qalacaq. Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ölkə miqyasında və onun hüdudlarından kənarda qeyd edilir. Ümummilli Liderin mübarizə dolu ömür yoluna baxış Azərbaycan insanının gələcək fəaliyyət istiqamətini də bir növ müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini, tarixini çox sevən bir insan idi. Onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə bir çox görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunub. Ulu Öndər böyük şəxsiyyətlərin yubileylərinin ölkəmizdə və xaricdə qeyd olunmasına həm də Azərbaycanı daha artıq tanıtmaq, ölkəmizin böyüklüyünü, mədəniyyətini daha bariz şəkildə nümayiş etdirmək imkanı kimi baxırdı”.

Bu fikirləri noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində muzeyin baş direktoru akademik Rafael Hüseynov söyləyib.

Akademik beynəlxalq konfransın Azərbaycanın üç böyük şəxsiyyətinin – Səfiəddin Urməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın isə 190 illik yubileylərinə həsr olunduğunu söyləyib. Konfransın elmi əhəmiyyətini vurğulayan Rafael Hüseynov bildirib ki, bu il yubileyləri qeyd olunan insanların hər biri Azərbaycan tarixində qalan, Azərbaycan zəkasının gücünü nümayiş etdirən şəxsiyyətlərdir: “Bu şəxsiyyətlərin yaradıcılıqları, qoyduqları irs bu gün də yaşayır və gələcək üçün də əhəmiyyətini saxlamaqdadır. Səfiəddin Urməvi XIII əsrdə ərəb dilində musiqişünaslıq risalələri yaradıb. Həmin əsərlər üstündən əsrlər keçsə də, bir çox Avropa dillərinə tərcümə edilib, yayılıb, tədqiq olunub. Azərbaycanda Səfiəddin Urməvi yaradıcılığına ilk dəfə elmi istiqamətdə nəzər yetirən böyük musiqişünasımız Əfrasiyab Bədəlbəyli olub. Ə.Bədəlbəyli öz tədqiqatında S.Urməvini Azərbaycan elmi ictimaiyyətinə, geniş kütləyə ilk dəfə təqdim edirdi. Ə.Bədəlbəyliyədək musiqimizin bu qatına nəzər yetirən yox idi”.

“Şərq musiqişünaslığının təməlində dayanan türk alimləridir”, – deyən R.Hüseynov Əbunəsr Fərabinin, Səfiəddin Urməvinin və Əbdülqadir Marağayinin də mənşə etibarilə türk olduqlarını qeyd edib. Vurğulayıb ki, məhz onlar nəzəri təməlləri yaradıb və bu təməllərin üzərində böyük irs meydana gəlib.

Konfransa digər ölkələrdən də materialların təqdim edildiyini deyən baş direktor beynəlxalq tədbirin materiallarının toplu halında dərc olunacağını diqqətə çatdırıb.

Tədbirdə Əbdülqadir Marağayinin “Naxış bəstə” əsəri səsləndirilib.

Daha sonra konfransda akademik Rafael Hüseynovun “Müsəlman Şərqi ədəbiyyatı və musiqişünaslığında Azərbaycan məktəbləri” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanın orta əsrlərdə yaşamış görkəmli şəxsiyyətlərinin, alim və mütəfəkkirlərinin yaradıcılığından, ədəbi irsindən söz açan akademik bu insanların hər birinin dövrünün tanınmış nümayəndəsi olmaqla bərabər, özlərindən sonra böyük bir məktəb, model, istiqamət yaratdıqlarını qeyd edib. O, bu şəxsiyyətlərin ədəbi irsinin, məktəbinin dünya miqyasında elmi təfəkkürün inkişafına böyük təsir göstərdiyini bildirib.

Əbdülqədir Marağayinin zəngin yaradıcılığından söz açan akademik bu böyük şəxsiyyətin musiqişünaslıqda yaratdığı məktəbdən və onun istiqamətlərindən də bəhs edib.

Konfransın plenar iclasında Bakı Dövlət Universitetinin dosenti Əsmətxanım Məmmədova “Səs təqlidi leksemlər və idiofonlar söz yaradıcılığı müstəvisində”, professor Şəfəq Əlibəyli “Məhəmməd Füzuli nəzmində musiqi alətləri akustik obrazlarının funksional-stilistik xüsusiyyətləri”, professor Kamil Allahyarov “İslamda musiqinin qadağan olunma səbəblərinə dair” və filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Əbdülqadir Marağayinin əsərlərinin müasir musiqişünaslıqda tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfrans işini bölmə iclası ilə davam etdirib.