BU GÜN “AVRO-2020”NİN YARIMFİNAL MƏRHƏLƏSİNİN İLK OYUNU KEÇİRİLƏCƏK

İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Londonun “Uembli” stadionunda keçiriləcək birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı almaniyalı referi Feliks Brix idarə edəcək.

Yarımfinal mərhələsinin digər oyununda isə İngiltərə və Danimarka milliləri qarşılaşacaqlar.

Turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupunda rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda isə turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb.

Yer aldığı D qrupunda İsveç (0:0) və Polşa (1:1) heç-heçə edən İspaniya sonuncu görüşdə Slovakiyanın qapısından 5 cavabsız top keçirib. Üçqat Avropa çempionları səkkizdəbir finalda Xorvatiyanı (5:3, əsas vaxt 3:3), Avstriyanı (1:1, penalti 3:1) məğlub edərək finala yüksəlib.

İtaliya və İspaniya seçmələri indiyədək müxtəlif turnirlərdə 36 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də İtaliya, 12-də isə İspaniya qalib gəlib, 13 görüş heç-heçə başa çatıb. Top nisbətində də İtaliya yığmasının cüzi üstünlüyü var – 43:40.

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.