NOYABRDA QONŞU ÖLKƏLƏRDƏ MÜŞAHİDƏ OLUNAN PROSESLƏR İQLİM DƏYİŞMƏLƏRİ PROBLEMİNİN NƏ QƏDƏR BÖYÜK OLDUĞUNDAN XƏBƏR VERİR

Son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır. Noyabr ayında qonşu ölkələrdə müşahidə olunan proseslər də bu problemin nə qədər böyük olduğundan xəbər verir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, 2 gündən sonra ilin ən önəmli beynəlxalq tədbirlərindən biri keçiriləcək: “Azərbaycan konfransda böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Azərbaycanın pavilyonunda ölkənin iqlim dəyişməsi sahəsində siyasəti, ölkənin ümumi qlobal töhfəsi, atmosfer tullantılarının, istilik emissiyası yaradan qazların azaldılmasına verdiyi töhfələr və iqlim dəyişmələrinə milli uyğunlaşma planı çərçivəsində dövlət təşkilatları tərəfindən görülən işlər haqqında ətraflı məlumat veriləcək”.