
“Minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini olduqca çətinləşdirir. Təəssüf ki, azad edilən ərazilərin 80 faizi hələ də minalardan tam təmizlənməyib”.
Bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov deyib.
O qeyd edib ki, texniki konfrans beynəlxalq minatəmizləmə qurumlarının imkanlarının öyrənilməsi, bu sahədə təcrübə və nəticələrin dəyərləndirilməsi, çətinliklərin aradan qaldırılması və əməkdaşlığın təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.
“Minadan təmizlənmə çox vaxt aparan prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib. Ancaq həmin ərazilər 30 il ərzində kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib. Minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb”,- deyə R.Məmmədov bildirib.
