QAHİRƏDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KLASSİK MUSİQİ KONSERTİ OLACAQ

Qahirənin Opera Evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş klassik musiqi konserti olacaq.

Azərbaycanın Misirdəki səfirliyi, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera Evi tərəfindən təşkil edilən konsertdə Əhməd Əl Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və şər” baletindən vals əsərlərini ifa edəcək.

Konsertin dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov olacaq. Pianoda solist qismində isə Azərbaycanın Xalq artisti Yeganə Axundova çıxış edəcək.