AZƏRBAYCAN-VATİKAN ƏLAQƏLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallagerlə görüşüb.

Görüşdə Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyədə olması, eləcə də ikitərəfli görüşlərin müntəzəmliyi məmnunluqla qeyd olunub. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri xatırlanıb, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açılıb.

Görüşdə münaqişədən sonrakı mərhələ, eləcə də azad edilmiş ərazilərdəki vəziyyət, həmin torpaqlarda on illər ərzində törədilmiş dağıntılar, ərazilərin minalanması kimi mövzular ətrafında danışılıb. Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpa və yenidənqurma işlərinə başlanıldığı qeyd edilib. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasına başladığı vurğulanıb.

Tərəflər Azərbaycan-Vatikan əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıblar.