ROBOTEXNİKA ÜZRƏ AZƏRBAYCAN MİLLİ KOMANDASI DÜNYA ROBOT OLİMPİADASININ FİNALINA YOLLANIB

Bu il 2023-cü il Dünya Robot Olimpiadasının final mərhələsi Panamada keçirilir. Azərbaycan komandaları 8 kateqoriyada iştirak edəcək.

Bu barədə Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə deyib.

Onun sözlərinə görə, olimpiadada “Future innovators”, “Future engineers”, “Robomission” və “Robosports” olmaqla dörd kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar.

“Bu il Azərbyacanı olimpiadada 8 komanda təmsil edəcək – “Lavanda”, “Kəndli oğlanlar”, “Şərqi Zəngəzur”, “Falkon”, “Falkonlar”, “Aze86.6” və “Xəzər xilasediciləri”. Yarışma 7-9 noyabr tarixlərində keçiriləcək. Qaliblər noyabrın 9-da müəyyənləşəcək. Hazırda Azərbaycan komandasının heyəti Panama şəhərinə yollanıblar”, – deyə Rəhman Rəsulzadə əlavə edib.

Qeyd edək ki, Azərbaycanda bu il sentyabrın 1-də Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib. Olimpiadada 160 komanda iştirak edib, onlar içindən 8 komanda ölkəmizi təmsil etmək şansı qazanıb. Azərbaycanda təşkil olunan V Robot Olimpiadasından sonra ötən il Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında gənclərimiz “Gələcəyin innovatorları” nominasiyasında iki min komanda arasında üçüncü yerə layiq görüldülər.