
Ermənistan üçün Azərbaycanla danışıqlarda üçüncü tərəfin olması vacibdir, çünki indiki halda təkbətək danışıq güclü ilə zəif arasında gedə bilər.
Bu barədə Bakıda keçirilən mətbuat konfransında gürcü politoloq Gela Vasadze bildirib. Ekspert deyib: “Ermənistanın ikitərəfli formatdan imtina etməsini anlayıram. Bunun səbəbi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən daha güclü olmasıdır. Ona görə də təkbətək danışıqlar güclünün zəif ilə apardığı müzakirələrdir. İndi Ermənistan üçün üçüncü tərəfin olması vacibdir”.
Politoloqun sözlərinə görə, Bakı ilə Tbilisinin milli maraqları üst-üstə düşür və bu, həmişə belə olub.
Gürcüstanın Azərbaycan və Ermənistan liderləri arasında görüş məkanı kimi mühüm rolunu vurğulayan ekspert əlavə edib ki, “ağlabatan eqoizmə əsaslanan konstruktiv əməkdaşlıq dövrü başlamalıdır”.
G.Vasadze deyib: “Əlbəttə, Gürcüstan regional layihələrin müzakirə edilə biləcəyi həmin məkandır. Ümidvarıq ki, tezliklə Azərbaycan ilə Ermənistan arasında sülh bərqərar olacaq”.