
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.
Kompaniyanın saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 121-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,4 minə yaxın peyk buraxıb. Onların bir hissəsi sıradan çıxsa da, 5 mindən çoxu işlək vəziyyətdədir.
Daşıyıcı raketin artıq 18-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “A Shortfall of Gravitas” platformasına eniş edib.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.