MUSİQİ FORUMUNDA NÖVBƏTİ PANEL İCLASI – “AZƏRBAYCAN MUSİQİŞÜNASLIĞI: ARAŞDIRMALAR KƏSİŞMƏSİNDƏ”

Oktyabrın 31-də Musiqi Forumun sonuncu günündə “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” mövzusunda panel iclası keçirilib.

Beynəlxalq Musiqi Şurasının Azərbaycan şöbəsinin sədri, musiqişünas Nigar Axundovanın moderatorluğu ilə keçirilən paneldə “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası” mövzuları üzrə çıxışlar dinlənilib.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, musiqişünas, Əməkdar incəsənət xadimi Lalə Hüseynova milli musiqi elminin inkişafından danışarkən təmsil etdiyi təhsil ocağının təcrübəsindən söz açıb. O, şərqşünas, musiqişünas kadrların əksəriyyətinin artıq yaşlı nəslin nümayəndələri olduğunu bildirib: “Musiqişünas olmaq istəyən gənclərin arasında ingilis dilini bilənlər var. Ancaq zəngin elmi ədəbiyyatın olduğu rus dilini bilənlər azdır. Buna görə də elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi zəruridir”.

L.Hüseynova Milli Konservatoriyanın musiqi sosiologiyası üzrə magistrantının elmi araşdırmasının nəticələrini slayd vasitəsilə təqdim edib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova musiqişünas əməyinin maddi baxımdan qiymətləndirilməsinin vacibliyinə toxunub. Musiqinin təbliğində böyük ənənələrin yaşadılmasının rolunu qeyd edən Z.Qafarova Azərbaycan Televiziyasında Əfsər Cavanşirovun yaratdığı “Bənövşə” uşaq xorunun ləğv edilməsindən təəssüfləndiyini dilə gətirib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, musiqişünas, “Musiqi dünyası” jurnalının baş redaktoru və naşiri, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov illər əvvəl lentə alınmış xanəndə və ifaçıların səs yazılarının bərpası, elektron daşıyıcılara köçürülməsi və təbliğinin zəruri olduğunu diqqətə çatdırıb. O, dövlət dəstəyi ilə milli yaddaş institutunun təsis edilməsini təklif edib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, musiqişünas, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə son illər musiqi sahəsi ilə bağlı elmi-tədqiqat əsərlərinin əksəriyyətinin dövrün tələblərindən geri qaldığını, tədqiqdən daha çox təsvirdən ibarət olduğunu vurğulayıb.

K.Dadaşzadə ölkəmizdə musiqi elminin vahid inkişaf konsepsiyasının hazırlanmasının vaciblıyını bildirib.

Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova musiqişünas kadrların hazırlanması problemlərinə diqqəti çəkib: “Biz yalnız Azərbaycan Respublikası ərazisində yaranan musiqi əsərlərini araşdırmaqla məşğul olmamalıyıq. Belə olanda Azərbaycan musiqi aləminin siması tam təsəvvür olunmayacaq”.

Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında musiqi mədəniyyətinin təbliği məsələlərinə toxunub. Elmi nəşrlərin mövcudluğunu müsbət qiymətləndirən alim daha geniş auditoriyaya hesablanmış elmi-kütləvi nəşrlərin də olmasının zəruriliyini qeyd edib. Gənc musiqişünasların əməyinin qiymətləndirilməsi məsələsinə də toxunan Z.Dadaşzadə, eyni zamanda, bu sahədə araşdırma aparmaq istəyənlərin məqalə yazmağa həvəssiz olduqlarını, söz ehtiyatlarının kasadlığını diqqətə çatdırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.