UKRAYNA SƏFİRİ: GÖSTƏRİLƏN YARDIMA GÖRƏ AZƏRBAYCANA MİNNƏTDARIQ

İndiyədək Azərbaycan hökuməti tərəfindən 30 milyon dollardan çox humanitar yardım ayrılıb. Elə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 7,6 milyon ABŞ dolları ekvivalentində əlavə məbləğ ayrılıb. Bu yardım hər şeydən əvvəl, bizim energetika sektorumuza yardıma yönəldiləcək.

Bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Sumqayıt Texnoloji Parkı ərazisindən növbəti humanitar yardım partiyasının göndərilməsi mərasimində bildirib.

Ukraynalı diplomat deyib: “Biz ötən qış mövsümündə sizin yardımlarınız sayəsində bir çox, on minlərlə ukraynalının soyuqdan qorunmasını təmin etdiyimiz üçün minnətdarıq. Mən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözlərini xatırlayıram. O deyirdi: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Əminəm ki, biz Azərbaycan xalqının köməyi ilə bu yolu qət edəcəyik. Məhz buna görə bizim dostluğumuz möhkəmlənir, strateji tərəfdaşlığımız inkişaf edir”.