MİLLİNET MÜSABİQƏSİNƏ 13 NOMİNASİYA ÜZRƏ 100-DƏN ÇOX RESURS TƏQDİM EDİLİB

Azərbaycanın NETTY2023 Milli İnternet Mükafatı uğrunda yarışma davam edir. İndiyədək yarışmaya 13 nominasiya üzrə 100-dən çox resurs təqdim edilib.

Bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.

Osman Gündüz qeyd edib ki, 2023-cü ildə NETTY əsas kateqoriyalar üzrə veb saytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək: Dövlət və Elektron Hökumət, Sosial Məsuliyyət və Cəmiyyət, Biznes və Sahibkarliq, Maliyyə və Bank İşi, Elektron-Ticarət və Kommersiya, Elm, Təhsil və İnnovasiya, Səhiyyə, İdman və Turizm, Məlumat və Xəbərlər, Mədəniyyət və İncəsənət.

NETTY 2023-ün qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan olunacaq. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidirlər. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Rəqəmsal layihənizi tanıtmaq və populyarlaşdırmaq, Milli İnternet Mükafatı və qiymətli hədiyyələr qazanmaq üçün www.millinet.az saytında qeydiyyatdan keçərək layihənizi təqdim edə bilərsiniz.

Qeydiyyat noyabrın 17-dək davam edəcək.