UMBERTO DE PRETTO: AZƏRBAYCANIN XEYRİNƏ OLACAQ ORTA DƏHLİZDƏN DAHA SƏMƏRƏLİ İSTİFADƏ OLUNACAQ

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta Dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırır.

Bu sözləri jurnalistlərə müsahibəsində təşkilatın baş katibi Umberto de Pretto deyib.

O qeyd edib ki, Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa olmaqla yanaşı, eyni zamanda, ən çətin marşrutdur: “Çünki Orta Dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə, bizim Şimal və Cənub dəhlizləri kimi seçimimiz var”.

Qurum rəsmisi Azərbaycanın xeyrinə olacaq Orta Dəhlizdən daha səmərəli istifadə olunacağına əminliyini bildirib. Onun fikrincə, dəhlizin inkişafı üçün mövcud vasitələrdən istifadə etmək lazımdır.

Baş katib, həmçinin vurğulayıb ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə bütün iştirakçılar arasında zəmanət və elektron məlumat mübadiləsi ilə Orta Dəhlizin faydalarından maksimum istifadəni təmin etmək üçün TIR sistemindən istifadənin təkmilləşdirilməsi məsələsi müzakirə olunub.