“TİBBİ PROFİLAKTİKANIN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda ölkəmizdəki elmi-tədqiqat institutları və digər təhsil müəssisələri ilə yanaşı Türkiyə, Özbəkistan, ABŞ, Belarus və Xorvatiya kimi bir sıra xarici ölkələrdən olan alimlər, görkəmli elm nümayəndələri də iştirak ediblər.

Konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov tibb sahəsində profilaktikanın vacibliyi haqda danışıb: “COVID-19 pandemiyası ilə bağlı infeksion xəstəliklərin profilaktikası aktuallaşıb. Artıq Səhiyyə Nazirliyi infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına daha çox diqqət ayırır”.

O qeyd edib ki, xəstəliklərin profilaktikası illərdir təbabətin diqqət mərkəzində olmayıb. Lakin koronavirus xəstəliklərin profilaktikasının vacibliyini bir daha sübut edib.

Özbəkistan Respublikasının ixtisaslaşdırılmış “Elmi-praktik Epidemiologiya, Mikrobiologiya, Yoluxucu və Parazitar Xəstəliklər Tibbi Mərkəzi”nin direktoru professor Batir Tadjiyev, mərkəzin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Nigora Tadjiyiva və 2 doktorantı konfransda elmi məruzə ilə çıxış ediblər. Türkiyədən konfransda iştirak edən elm nümayəndələri inaktiv vaksinlər, müasir biotexnologiyanın təbabətdə istifadəsi, nanotexnologiya, neyro-mühəndislik və xərçəng araşdırmaları kimi bir çox müasir mövzulardan danışıblar. Daha sonra V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun dosenti Lalə Rüstəmova, dosent Sevinc Süleymanova və digər elmi işçilər konfransda aktual və vacib mövzularda müzakirələr aparıblar.