
Azərbaycanın NETTY2023 Milli İnternet Mükafatı uğrunda yarışma davam edir. İndiyədək 95 resurs 13 nominasiya üzrə yarışmaya qatılıb.
Bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
Osman Gündüz qeyd edib ki, 2023-cü ildə NETTY əsas kateqoriyalar üzrə veb-saytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək: dövlət və elektron hökumət, sosial məsuliyyət və cəmiyyət, biznes və sahibkarlıq, maliyyə və bank işi, elektron ticarət və kommersiya, elm, təhsil və innovasiya, səhiyyə, idman və turizm, məlumat və xəbərlər, mədəniyyət və incəsənət.
NETTY 2023-ün qalibləri mükafatlandırma mərasimində rəsmi elan olunacaq. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidirlər. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.
Osman Gündüz vurğulayıb ki, “İlin rəqəmsal siması” xüsusi nominasiyasında isə hələlik 6 iddiaçı var.