ŞAH ABBAS MƏSCİDİ YENİ SİMADA

Keşlədə yerləşən “Şah Abbas” məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı qəsəbə sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etdikləri müraciətlə əlaqədar dövlət başçısının tapşırığına əsasən qısa müddətdə məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb və müvafiq işlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihəyə uyğun olaraq Şah Abbas məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilib, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub, memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa edilib. Burada imam üçün otaq, ehsan zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub. Məscidin həyətinə daxil olmaq üçün iki giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.

Qeyd edilib ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilib, sahəsi 139 kvadratmetr (11.8×11.8), ümumi ərazisi 1300 kvadratmetrdir. Yerli əhəmiyyətli bu memarlıq abidəsi dövlət tərəfindər qorunur.

Vurğulanıb ki, Şah Abbas məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılıb, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir edilib, küçə işıqları sistemi yenidən qurulub, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilib.

Həmçinin Keşlə Şəhidlər Xiyabanında təmir işləri görülüb, yeni Bulaq Kompleksi inşa edilib, istirahət guşəsi yaradılıb.

Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.