
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirələcək.
Xatırladaq ki, Ermənistan XİN də bu görüşdə iştiraka razılıq verib.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.