
Cari ilin sonuna kimi Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun çəkilməsinin davam etdirilməsi ilə əlaqədar kommersiya xarakterli müqavilə imzalana bilər.
Bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zveryev ilə görüşdən sonra deyib. Onlayn rejimdə keçən görüşdə Rəşt-Astara yolunun tamamlanması və tərəflərin üzərinə düşən öhdəliklər müzakirə olunub. Qeyd olunub ki, Rəşt-Astara dəmir yolu iki ölkə arasındakı ticarət dövriyyəsini artırmaqla yanaşı tranzit yükdaşımalardan gəlir də əldə edə bilərlər. Bildirilib ki, bu layihə region dövlətlərinin də iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, sosial vəziyyətin inkişafına stimul verəcək.
Nəzərə çatdıraq ki, Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin aparıcı seqmenti olan Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir. Asiyadan Avropaya daşınan yüklərin İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulur. Rəşt-Astara dəmir yolu İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirən bir layihədir. 2018-ci ildə Astaraçay üzərində İran ilə Azərbaycan birgə yeni dəmir yolu körpüsü tikərək istifadəyə verildi və bununla da İran ilə dəmir yolu əlaqəsi yarandı. Rəşt-Astar dəmir yolu xətti istifadəyə verildikdən sonra isə yük qatarları Rusiyadan İran və əks istiqamətə Azərbaycan ərazisindən tranzit olaraq keçəcəklər.