BAKIDA TİBB TƏHSİLİ ÜZRƏ 8-Cİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) təntənəli açılış mərasimi keçirilib.

Azərbaycanda ilk dəfə keçirilən bu tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universiteti tərəfindən təşkil olunub. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konfransda tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.

Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək. Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri səsləndiriləcək, “Ekspertlər nə deyir?” sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl və yeni yanaşmaları və təcrübələr təqdim olunacaq.

Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Abu-Dabi, Mavrikiy, İstanbul, Ottava və İslamabadda keçirilib. Bundan öncə konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ilə birgə virtual formatda təşkil olunub.