
Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi Çin mediasının diqqət mərkəzində olub.
Çinin rəsmi xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası (CCTV), ölkənin nüfuzlu ingilisdilli “China Daily” qəzeti, digər populyar xəbər portalları, ixtisaslaşmış nəşrlər, habelə kosmos sahəsinə aid tədqiqat institutlarının və təşkilatlarının rəsmi internet səhifələrində Bakı konqresi, müzakirə olunan məsələlər barədə geniş məlumatlar yayımlanıb.

Sinxua agentliyi qeyd edir ki, dünyanın kosmos icması 50 ildən sonra yenidən Azərbaycan paytaxtı Bakıda toplaşıb. Agentlik Çin nümayəndə heyətinin Bakı konqresində iştirakına, habelə Çinin Kosmik Stansiyasının astronavtlarının konqresə ünvanladığı videomüraciəti xüsusi vurğulayaraq, çinli astronavtların 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi zamanı Ümummilli Lider Heydər Əliyevin və gənc İlham Əliyevin kosmonavtlarla tarixi fotosunu sürpriz formada nümayiş etdirməsindən söz açıb.
Xəbərlədə Prezident İlham Əliyevin konqresin açılış mərasimindəki nitqinə toxunaraq, dövlətimizin başçısının Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərdən söz açması xüsusi vurğulanıb.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN kanalının 74-cü Beynəlxalq Astronavtika Konqresi üçün Bakıya ezam olunmuş çəkiliş qrupunun tədbir haqqında hazırladığı bir neçə reportajı efirdə yayımlanıb. Həmin reportajlarda Beynəlxalq Astronavtika Konqresinin dünyanın kosmos aləmini əhatə edən ən nüfuzlu tədbir olduğu, Bakı konqresində 5 mindən çox nümayəndənin iştirak etdiyi, tədbirin sərgisində 150-dən çox iştirakçının ən son texnologiyalarını nümayiş etdirdiyi qeyd olunub.

CGTN kanalı Azərbaycan Televiziyası ilə birlikdə 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair hazırladığı xüsusi proqram da yayımlayıb.
