RUSİYA PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ ERMƏNİSTANIN REGİONAL SÜLH VƏ TƏHLÜKƏSİZLİYƏ TÖRƏTDİYİ ÇAĞIRIŞLAR BARƏDƏ MƏLUMATLANDIRILIB

Sentyabrın 29 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətini Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə, habelə hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb.

Söhbəət zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.