RƏCƏB TAYYİB ƏRDOĞAN NİKOL PAŞİNYANLA TELEFON DANIŞIĞINDA MÜZAKİRƏ ETDİYİ MƏSƏLƏNİ AÇIQLAYIB

Türkiyə olaraq bütün proseslərdə Azərbaycanın yanında olduq. Mən keçən həftə BMT Baş Assambleyasında çıxışımda Azərbaycana dəstəyimizi qətiyyətlə vurğuladım.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“44 günlük Vətən Müharibəsindən sonra regionda daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açılıb. Bu fürsəti dəyərləndirmək barədə düşüncəmiz hər kəsə məlumdur.

Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməsini gözləyirik. Mən bu gözləntiləri sentyabrın 11-də telefonla danışdığım Ermənistanın baş naziri Nikol Paşinyana da bildirdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək”, – deyə R.T.Ərdoğan əlavə edib.