AZƏRBAYCAN ORDUSUNUN QARABAĞDA ANTİTERROR TƏDBİRLƏRİ GÜRCÜSTAN MEDİASINDA DA GENİŞ İŞIQLANDIRILIB

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri və ermənilərin mina terroru Gürcüstan mediasının da diqqət mərkəzindədir.

24news.ge, interpressnews.ge, apsny.ge, kavkasiya.com, palitranews.ge, ambebi.ge, aktual.ge, interpress.ge, newsday.ge informasiya portallarının, eləcə də 1tv.ge, “maestro.tv”, tv.pirveli, rustavi2 televiziya kanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda antiterror tədbirlərinə başlaması barədə Azərbaycan, rus, ingilis və gürcü dillərində məlumatlar çatdırılıb.

Bildirilib ki, Azərbaycan Ordusunun başladığı bu tədbirlər ölkənin konstitusiya quruluşunun bərpası məqsədi daşıyır.

İnformasiyalarda Azərbaycan Prezidenti Administrasiyasının açıqlamaları barədə də məlumatlar verilib. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilib ki, Azərbaycan Qarabağdakı antiterror tədbirlərinin əsas məqsədlərini yerinə yetirməyə yaxındır, bəzi hərbi hədəflər zərərsizləşdirilib. Antiterror tədbirlərinin dayandırılması üçün qeyri-qanuni erməni hərbi birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli və qeyri-qanuni rejimi ləğv etməlidir.

Məqalələrdə, həmçinin lokal antiterror tədbirləri ilə bağlı Müdafiə, Xarici işlər nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatlar, keçirilən brifinqlərdə səsləndirilən fikirlər də əksini tapıb.

Bundan başqa, gürcü mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı Azərbaycana dəstək fikirlərinə də yer ayırıb.