HEYDƏR ƏLİYEV FONDU ŞUŞADA “QARABAĞIN MƏDƏNİ İRSİ” NƏŞRİNİ TƏQDİM EDİB

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.

“Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən bəhs olunur. Ən qədim dövrlərdən zəmanəmizədək yaşayan bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Nəşrdə təqdim edilən materiallar bol xammal ehtiyatı ilə zəngin olan Azərbaycanın ayrılmaz hissəsi – Qarabağda bir çox sənət sahələrinin, o cümlədən ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığını, özünəməxsus inkişaf yolu keçdiyini nümayiş etdirir.

Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib. Təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycan musiqisinin məbədi hesab olunur. XVIII əsrdə yaranmış Qarabağ xanlığı Azərbaycan ədəbiyyatı və incəsənətinin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Toplunun Qarabağın musiqi irsinə aid olan nəşrində XIX-XX əsrlərdə cərəyan edən mürəkkəb mədəni-tarixi proseslərdə, regionun mənəvi mühitinin inkişafında, Şərq-Qərb musiqi dialoqunun formalaşmasında Qarabağ musiqiçilərinin müstəsna rol oynaması faktı ortaya qoyulur. Nəşrdə Qarabağın aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri barədə məlumat və fotolar təqdim edilir.

“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında məlumatlar diqqətə çatdırılır. Əsrlər boyu Qarabağda Azərbaycan incəsənətinin müxtəlif sahələri: xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq xüsusi inkişaf yolu keçmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrində Qarabağ ərazisindəki yer adları bu torpaqların Azərbaycan möhürüdür. Azərbaycanın yazılı ədəbiyyatında Qarabağ mövzusu geniş yer tutmuşdur. Nəşrdə Qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir.

“Memarlıq” haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar toplanıb. “Qarabağın mədəni irsi” toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan vermişdir. Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. “Xalçaçılıq” nəşrində Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səsi-sorağının bütün dünyadan gəldiyi qeyd olunur.