Vyana şəhərində 1975-1984-cü illərdə erməni terrorçuları tərəfindən türk diplomatlarına qarşı törədilmiş terror aktlarına həsr olunmuş “Vyanada terror” adlı kitab işıq üzü görüb.
Vyana Cinayətlər Muzeyinin direktoru Harald Seyrlin qələmə aldığı kitabın təqdimatı həmin muzeydə keçirilib.
Müəllif təqdimatda bildirib ki, alman və türk dillərində tərtib edilmiş kitabda Avstriyanın yaxın keçmişində baş vermiş üç terror aktı foto və sənədlər əsasında detallı şəkildə əks olunub. Qeyd edilib ki, mediada geniş əks-səda doğurmuş terror aktlarının arxasında duran terrorçu təşkilatlar bəlli olsa da, cinayəti törədən şəxslər heç zaman polis tərəfindən yaxalana bilməyib. Kitabın iki dildə hazırlanması bu cinayət hadisələrinin həm sənədləşdirilərək unudulmaması, həm də geniş ictimaiyyət tərəfindən oxunmasına imkan yaratması məqsədi daşıyır.
Müəllif həmçinin diqqətə çatdırıb ki, kitabı hazırlamaqda məqsədi terrorun qanlı üzünü göstərmək, gələcək nəsillərə bu tarixi hadisələri çatdırmaq və terrorun dəhşəti barədə xəbərdarlıq etmək olub.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun üç şəhid türk diplomatının xatirəsinin unudulmaması üçün ərsəyə gələn kitaba görə Avstriyadakı türk icması adından müəllifə minnətdarlıq edib.
Qeyd edilməlidir ki, 1973-1994-cü ildə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetiriblər. Şimali Amerika, Asiya, Avstraliya və əsasən də Qərbi Avropada, ümumiyyətlə 21 fərqli ölkədə törədilən terror aktlarında türk diplomatları ilə yanaşı mülki şəxslər də həlak olublar. 1975-ci il oktyabrın 22-də Vyanada Türkiyənin səfiri Danış Tunalıgilə qarşı sui-qəsd ilə erməni terrorçuları ən yüksək ranqlı türk diplomatını qətlə yetiriblər. Danış Tunalıgilin ardından BMT-nin Vyana bölməsində çalışan Enver Ergün və Türkiyə səfirliyinin əməkdaşı Erdoğan Özen də 1984-cü ildə sui-qəsdlərin qurbanı olublar.