MARİYA ZAXAROVA ERMƏNİ XALQININ BÜTÜN BƏLALARINDA RUSİYANIN TƏQSİRLƏNDİRİLMƏSİNİ YOLVERİLMƏZ HESAB EDİR

Ermənistanda Rusiyaya qarşı təxribat xarakterli materiallar yayan media strukturlarının sayı artır.

Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumunun iştirakçılarına ünvanladığı vidomüraciətdə söyləyib.

Onun sözlərinə görə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına qarayaxma halları da artıb. M.Zaxarova Ermənistan mətbuatında Rusiya və bütövlükdə ikitərəfli münasibətlərə dair qərəzli informasiyaların sayının artdığını da vurğulayıb.

Diplomat deyib: “Rusiyanı erməni xalqının bütün bəlalarında təqsirləndirməklə insanlarımız arasında düşmənçilik və nifrət yaratmaq cəhdlərini yolverilməz hesab edirik”.