PAKİSTAN VƏ AZƏRBAYCAN ARASINDA SƏHİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) rektoru Qulam Abbas Miananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir və pakistanlı tələbələrin ali tibb təhsili alması üçün Azərbaycanda bütün lazımi şərait yaradılıb”, – deyə nazir bildirib.

Teymur Musayev, həmçinin Azərbaycan Tibb Universitetinin Pakistanın Rifah Beynəlxalq Universiteti ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Onun sözlərinə görə, bu ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfrans keçiriləcək. Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu deyib.

Öz növbəsində Qulam Abbas Miana vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. RIU-nun rektoru ölkələrimiz arasında səhiyyə sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Qulam Abbas Miana Tibb təhsili üzrə ilk beynəlxalq konfransın (International Conference on Medical Education – ICME) 2009-cu ildə Pakistanın paytaxtı İslamabadda keçiriləcəyini qeyd edib: “ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspert və alimləri bir araya gətirməklə bu sahədəki son yeniliklərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdır”.

Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin perspektivləri də müzakirə edilib.