Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi Hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri, Naxçıvanda yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Hərbçilərə ən xoş arzularını ifadə edən Hərbi prokuror Xanlar Vəliyev əvvəlcə, 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu vurğulayaraq, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, eləcə də milləti və Vətəni qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. Ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxışında, həmçinin bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, müdrik siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın dərin düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən mənfi proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.
Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə cavab verməklə, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi Qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.
General-polkovnik Kərəm Mustafayev və digərləri çıxış edərək bənzər məzmunda danışıblar.
Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Onların qayğı və problemləri, məişət şəraitləri ilə maraqlanılıb, üzərilərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim edilib.