Metroda sərnişindaşımanın bərpa olunmasına baxmayaraq, əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, qərar həm mövcud epidemioloji vəziyyət, həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib: “Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı isə tələbata uyğun olaraq tənzimlənir.
Eyni zamanda qeyd edim ki, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcəkdir. Sərnişin axınında azalma müşahidə olunarsa bu xətlərin fəaliyyəti dayandırılacaq. Xatırladım ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84 %-dək azaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması bildiyiniz kimi ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq qeyd etdiyim kimi bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq”.