Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 3 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanmışdır. Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir.
Bu barədə İcmanın bəyanatında deyilir.
Qeyd edilib ki, Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur.
Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.
Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir.
Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.