“BELARUS SEQODNYA” QƏZETİNDƏ AZƏRBAYCANIN İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİNDƏN REPORTAJLAR DƏRC EDİLİB

Belarusun nüfuzlu mətbu orqanı olan “Belarus Seqodnya” qəzetində Azərbaycanın işğaldan azad olunan ərazilərindən xüsusi reportajlar dərc edilib.

“Bu gün Azərbaycan Qarabağ ərazilərini necə bərpa edir” sərlövhəli reportajlarda Belarusdan olan jurnalist Şuşa, Laçın, Zəngilan, Ağdam, Füzuli və Qarabağın digər bölgələrində gördüklərini qələmə alıb.

Məqalədə qeyd edilir ki, Şuşa Azərbaycan üçün xüsusi yerdir. Ölkənin mənəvi mərkəzi hesab edilən bu şəhərdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri yaşayıblar. Onların arasında tanınmış şair və dövlət xadimi Molla Pənah Vaqif də var. Onun 1980-ci illərdə Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə tikilmiş məqbərəsi hərbi əməliyyatlar zamanı dağıdılıb. Lakin bu gün o, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində yenidən bərpa olunub. Yenidən bərpa edilən memorialın açılışı Azərbaycan dövlət başçısının bilavasitə iştirakı ilə baş tutub. Burada 960 şagird yerlik yeni məktəb, xəstəxana tikilir, məscid bərpa olunub. Şuşaya ilk sakinlərin ilin sonunda köçürülməsi gözlənilir. Hazırda Şuşada keçmiş məcburi köçkünlər üçün 450 mənzillik 23 ev tikir. Köçürülmənin birinci mərhələsində 1500 sakinin gəlişi nəzərdə tutulub.

Belaruslu jurnalist daha sonra yazır ki, Ermənistanla sərhəddə yerləşən Laçın rayonunda da tikinti işləri fəal şəkildə aparılır, artıq yerli sakinlərin bir hissəsi şəhərə köçürülüb. Reportajda Laçına qayıdan azərbaycanlıların fikirlərinə də yer verilib. Laçınlılara yeni evlərin açarlarının verildiyi vurğulanıb.

Zəngilanda “Ağıllı kənd”dən yazan jurnalist bildirir ki, Azərbaycan hökumətinin planlarına görə, Qarabağ yaşıl enerji və qabaqcıl texnologiyalar zonasına çevrilməlidir. “Bunun praktikada necə həyata keçirildiyini görmək üçün Zəngilan rayonunun kəndlərindən birində olduq. Bölgənin innovativ kənd təsərrüfatı mərkəzinə çevriləcəyi gözlənilir. Yeniliklərdən biri də kəndin kənarındakı əkin sahələrində və bağlarda suvarma sistemlərinin quraşdırılmasıdır. Orada kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə stansiyaları da yaradılıb. Qəsəbənin unikallığı ondan ibarətdir ki, onun enerji təminatı günəş, külək enerjisi və su elektrik stansiyaları hesabına həyata keçiriləcək”, – deyə məqalədə qeyd olunur.

Ağdamdan reportaj hazırlayarkən əcnəbi jurnalist ərazilərin kütləvi minalanmasının yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsinə ciddi maneə yaratdığını vurğulayır. Bildirir ki, partlamamış hərbi sursat və minalarla çirkəndirilmiş ərazilər müharibənin əks-sədasıdır və bu gün bu ərazilərdə yenidənqurma prosesinə ciddi çətinlik yaradır. Bölgəyə daxil olarkən qısa təlimatdan keçirik: yolları tərk etməyin, şübhəli əşyalara toxunmayın və marşrutdan kənara çıxmayın.

“Sovet İttifaqında bu bölgə üzümləri və münbit torpaqları ilə tanınırdı. Yerli sakinlər əmindirlər ki, hər bir toxum mütləq məhsul olacaq. Təəssüf ki, hazırda Ağdamda üzüm bağları əvəzinə, mina tarlaları görünməkdədir”.

Füzulidən reportaj hazırlayan belaruslu jurnalist yazır ki, Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının əsas hissələrindən biri də yol infrastrukturunun yaradılmasıdır. Bu məsələdə Azərbaycan bütün gücü ilə çalışır. Füzuli Beynəlxalq Hava Limanı cəmi yeddi aya tikilib.

Məqalənin sonunda Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevə istinadla qeyd edilir ki, Azərbaycan Belarusun da Qarabağ ərazilərinin bərpasına töhfə verəcəyini gözləyir. “Azərbaycan Belarusun aqroşəhərlərin salınması təcrübəsində maraqlıdır. Qarabağda kəndlərin salınmasında bu təcrübəyə tələbat var”, – deyə səfir əlavə edib.