SAĞ OLDUQLARI TƏSDİQ EDİLMİŞ 54 NƏFƏR AZƏRBAYCANLI SONRADAN ERMƏNİSTAN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİ TƏRƏFİNDƏN QƏTLƏ YETİRİLİB

Məlumdur ki, Ermənistan siyasi rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin ən bariz nümunəsi olan Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı 196 nəfər Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 36 nəfəri uşaq, 65 nəfəri qadın, 34 nəfəri isə yaşlı şəxslər olub. İtkin düşmüş 196 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilib. Xocalının işğalı zamanı ermənilər tərəfindən əsir-girov götürülmüş və sonradan müxtəlif vasitələrlə azad edilmiş 413 nəfərin (onlar arasında 136 nəfər uşaq, 201 nəfər qadın 60 nəfər qoca olub) hadisə ilə bağlı həm yazılı, həm də video ifadələri alınaraq Dövlət Komissiyasında arxivləşdirilib.

Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.

Bildirilib ki, 1998 və 2001-ci illərdə BQXK tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib. Sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və Azərbaycanın bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirilib. Onlardan sadəcə 17 nəfərin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Bu isə ciddi insan hüquqları pozuntusudur.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var. Bu günədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.

Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir.