İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ VƏ KİBERTƏHLÜKƏSİZLİKLƏ BAĞLI MƏSLƏHƏTLƏŞMƏ PLATFORMALARI YARADILACAQ

İnformasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması sahəsində dövlət-özəl koordinasiya və məsləhətləşmə platformalarını yaradılacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə 2023 – 2024-cü illər ərzində əməkdaşlığın müxtəlif formalarının effektivliyinin araşdırılmasını, uyğun əməkdaşlıq formalarının seçilməsini, əməkdaşlığın hüquqi əsasının yaradılmasını, müntəzəm olaraq isə təhdidlər, boşluqlar, risklər və s. məlumatların əldə edilməsi və toplanmasının təşkilini, əldə edilən məlumatların bölüşdürülməsi və erkən xəbərvermə mexanizmlərinin yaradılmasını, mexanizmlərin avtomatlaşdırılması imkanlarının genişləndirilməsini təmin etməlidir.