KƏLBƏCƏR YAYLAQLARINA QOYUNÇULUQ VƏ ARIÇILIQ TƏSƏRRÜFATLARININ KÖÇÜRÜLMƏSİ BAŞA ÇATIB

Kəlbəcər yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi başa çatıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupdan verilən məlumata görə, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb.

Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur. Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq keçirəcək.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. Hazırda bölgənin bitki örtüyü ehtiyatlarının qoyunçuluq və arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.