MİLLİ KİTABXANADA “BEYNƏLXALQ AZƏRBAYCAN MUĞAMI VƏ MUSİQİSİ GÜNÜ” ADLI VİRTUAL SƏRGİ TƏQDİM OLUNUB

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub.

Virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə link vasitəsilə tanış olmaq olar.

Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaradıb. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirib. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.

Xalqımızın mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Qeyd edək ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.