QARABAĞDA İNFRASTRUKTURUN BƏRPASI KOSMİK SÜRƏTLƏ GEDİR – “BELARUS SEQODNYA” QƏZETİ

Sürət yolları, aeroportlar, ağıllı qəsəbələr, yaşıl enerji – Azərbaycan Respublikası çox əziyyətlər görmüş Qarabağ ərazisində təkcə “Böyük Qayıdış” proqramını fəal şəkildə həyata keçirmir, həm də bölgəni ölkənin ən aparıcı hissəsinə çevirməyə çalışır.

Bu barədə Belarusun ictimai-siyasi “Belarus seqodnya” qəzetinin reportajında deyilir.

Qəzetin müxbirləri işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı gələcək infrastruktur layihələri ilə, artıq tikilmiş binalarla, eləcə də, minatəmizləmə prosesi ilə tanış olublar.

“Böyük Qayıdış” proqramının Qarabağın dirçəlməsinə səbəb olan əsas hissələrindən biri yol infrastrukturunun yaradılmasıdır. Sürət yolları kosmik sürətlə inşa olunur. Qarabağda hələlik, əsasən, yol kənarı ilə hərəkət etmək mümkündür (nadirən hazır avtomobil yoluna çıxmaqla), lakin yol infrastrukturunun qurulmasına cəlb olunmuş tikinti texnikasının sayına baxdıqda aydın şəkildə görünür ki, yolların açılmasına sayılı aylar qalıb.

Füzuli yaxınlığındakı aeroport yeddi aya tikildisə, buradan nədən söhbət gedə bilər?! Azərbaycanın Qarabağ bölgəsində bütünlükdə üç aeroport olacaq. İkinci artıq Zəngilanda fəaliyyət göstərir. Füzulidəki aeroport kimi onun da açılışını şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ediblər. Üçüncü hava limanı Laçında inşa olunacaq”, – məqalədə deyilir.

Müəlliflərin sözlərinə görə, mina riski olmasa idi, Qarabağın bərpa prosesi daha sürətli baş verərdi.

“Azərbaycan minatəmizləyənlərinin əlində bu gün dronlardan tutmuş son model minatəmizləmə cihazlarına qədər ən müasir avadanlıqlar var. Təmizləmə prosesi yüksək sürətlə gedir. Yalnız minaların yerləşməsinə dair dəqiq koordinatların olmaması prosesi ləngidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin məlumatlarına görə, Qarabağ ərazisində 1 milyona yaxın mina yerləşdirilib və onlardan 80 mini aşkarlanıb.

İstənilən müharibə tez və ya gec bitir. Sonra mükafat vaxtı gəlir. Qarabağda söhbət heç bərpadan deyil, daha çox həmişəlik itirilənin yerində yenisinin qurulmasından gedir. Hərbi əməliyyatlar nəticəsində viran qalmış torpaq xüsusi diqqət və qayğı tələb edir”, – deyə məqalənin müəllifləri vurğulayırlar.