DÖVLƏT QULLUĞU ÜZRƏ TEST İMTAHANINDA İŞTİRAK ETMƏK ÜÇÜN 11 NƏFƏR QEYDİYYATDAN KEÇİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 17-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-ü saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 11 (AB – 2, AC – 9) namizəd qeydiyyatdan keçib.
İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında verilib. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.