Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibi və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Haccə Lhəbib arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.Görüş zamanı Azərbaycan-Belçika arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Bölgəmizdə yeni reallıqlar kontekstində Belçika ilə iqtisadi, mədəni, ticarət, alternativ enerji, yüksək texnologiyalar, tibb və əczaçılıq və s. istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları olduğu bildirilib.Müzakirələr zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın ərazilərinin işğalına, 9 şəhər və 300-dən yuxarı kəndin dağıdılmasına, etnik təmizləmə siyasətinə diqqət yönəldilib.Postmünaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.Görüşdə nazir Ceyhun Bayramov tərəfindən Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.Nazir Ceyhun Bayramov, eyni zamanda, bölgədə onilliklər boyu Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə bəzi dövlətlərin göz yummasının, habelə postmünaqişə dövründə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının siyasi manipulyasiyadan başqa bir şey olmadığını diqqətə çatdırıb. Bütün bunlarla əlaqədar, bölgədə Avropa İttifaqı missiyası kimi beynəlxalq təşəbbüslərin Ermənistan tərəfindən sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi vurğulanıb.Azərbaycanın hər zaman sülh və təhlükəsizlik şəraitində, ölkəmizin ərazi bütövlüyü çərçivəsində birgə yaşayışın, inkişaf və rifahın tərəfdarı olduğu və bu istiqamətdə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.