Türkiyənin https://www.manisameydangazetesi.com.tr xəbər portalında “Laçın, ay Laçın” sərlövləli məqalə yayımlanıb.
Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının Dil Tarixi bölməsinin rəhbəri, yazar Seyfettin Ayakyayın qələmə aldığı məqalədə Azərbaycanın Laçın yolu ilə bağlı Ermənistanın dünya ictimaiyyətini aldatmağa cəhd göstərməsindən bəhs edilib.
Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələ ətrafında yaradılmış süni hay-küylə bağlı Azərbaycanın mövqeyini tam dəstəklədiyi diqqətə çatdırılıb. Müəllif bildirib ki, həmin bəyanatda Laçın yolunda Azərbaycana qarşı tənqidlərin əsassız olduğu, Azərbaycan tərəfinin Laçın vasitəsilə tibbi təxliyənin təmin edilməsi və irrasional yüklərin daşınması üçün digər münasib marşrutların ayrılması üçün səy göstərdiyinin qeyd edildiyi vurğulanıb. Türkiyə XİN-in Ermənistanı təcavüzkar addımlardan çəkinməyə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımağa, Qarabağda yaşamaq istəyən erməni xalqının ehtiyaclarını ödəmək üçün həm Ağdam-Xankəndi, həm də digər alternativ yollardan istifadəyə, Azərbaycanın erməni əhalisi ilə reinteqrasiya səylərini dəstəkləməyə çağırdığı bildirilib.
Diqqətə çatdırılıb ki, Laçın yolu ilə bağlı Ermənistanın təxribatçı yalanına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvanı “BMT Təhlükəsizlik Şurasını manipulyasiya kampaniyası vasitəsinə çevirmək cəhdində” ittiham edib.
Müəllif bildirib ki, Azərbaycan əleyhdarlarının qərəzsizliyinə, ədalət hissinə artıq heç kim inanmır. O, həmin qüvvələrə Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətləri, o cümlədən Zori Balayanın azərbaycanlı qız uşağının diri ikən dərisinin soyulması barədə dəhşətli etirafını xatırladıb. “…bu gün Qarabağda azərbaycanlıların kütləvi qəbiristanlıqlarının üstü açılıb. Ermənilər hələ də narkotiklərin daşınması üçün ictimai yaşayış yerlərində gizli şəkildə minalar qoyurlar… Soruşmaq lazımdır: 30 il harada gizlənmisiniz?”.
Laçının qədim Azərbaycan torpağı olduğunu vurğulayan müəllif 10 il sədri olduğu Manisa-Azərbaycan Mədəniyyət Dərnəyi tərəfindən illər öncə təşkil olunan konserti xatırladıb. O, 500 nəfərin qatıldığı həmin konsertdə Azərbaycanın məşhur opera ifaçısı Lütfiyar İmanovun “Ay Laçın” mahnısını oxuyarkən konsertin “ağlaşma yerinə” çevrildiyini qeyd edib: “Laçın ifası 1914–1920-ci illərdə vətənlərindən, İrəvandan, Gümrüdən gəlmiş ailələrin ah-naləsi ilə inildəyirdi…”.
Məqalənin sonunda xəbər verilib ki, TADDEF-in təşkilatçılığı ilə Türkiyənin müxtəlif şəhərlərindən olan 41 jurnalist Azərbaycan jurnalistləri ilə birlikdə mətbuat konfransları keçirəcək və Qarabağ bölgəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.
Məqaləni aşağıdakı linklərdən daha ətraflı oxumaq mümkündür: