Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir.
Bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 21-dən sentyabr ayının 23-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2023-cü il avqust ayının 21-dən sentyabr ayının 23-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.
Telefon: (012) 538-35-70.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.