GÜRCÜSTANDAKI AZƏRBAYCAN İCMASI BMT-NİN TBİLİSİDƏKİ OFİSİ QARŞISINDA DİNC AKSİYA KEÇİRİBLƏR

Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri BMT-nin Tbilisidəki ofisi qarşısında dinc aksiya keçiriblər.

Aksiya iştirakçıları BMT-dən Ermənistanın Azərbaycana qarşı etdiyi haqsızlıqlara, ekoloji terror, mina təhlükəsi və digər cinayətlərə münasibət bildirməyi tələb ediblər.

Aksiyada “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin, “Alyans” Gənclər Mərkəzinin, “Azərbaycan Evi”nin rəhbərliyi və üzvləri, eləcə də, ictimai fəallar iştirak ediblər.

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin direktoru Murad Muradov deyib ki, Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri bu ölkəyə qarşı hər hansı bir təxribat, təhrik və cinayətlərə biganə deyillər. Aksiya iştirakçıları bu cür məsələlərlə bağlı narahatlıqlarını bildirib və BMT kimi nüfuzlu təşkilatın Azərbaycanı narahat edən bütün məsələlərə ədalətli, balanslı reaksiya verməsini tələb ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, Ermənistanın ətraf mühitə vurduğu ziyan təkcə Azərbaycan üçün deyil, bütövlükdə insanlıq əleyhinə törədilən cinayətdir. BMT bu cür qlobal məsələləri diqqət mərkəzində saxlamalıdır. Çünki erməni vəhşiliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimiz istismar olunub və bunun nəticəsində ətraf mühitə ciddi ziyan dəyib. Yüz min hektara yaxın meşə fondu dağıdılıb, qiymətli meşəlik ərazilər tükənib, çaylarımız isə hələ də çirkləndirilir ki, bu da yerli fauna üçün ciddi təhlükə yaradır.

Aksiya iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi məsələsinə də diqqət çəkiblər.

Qeyd edilib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanda mina qurbanlarının sayı 303 nəfəri ötüb. Torpaqların minalarla çirkləndirilməsi təkcə insanların həyatını təhlükə altına salmır, həm də vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasına mane olur.

Erməni KİV-lərində Azərbaycan əsgərlərinə qarşı pis rəftarla bağlı narahatedici sübutların ortaya çıxması və BMT-nin digər beynəlxalq təşkilatlar kimi baş verənlərə susması da icma üzvlərini narahat edən məsələlər sırasında olub.