MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİLƏR QANUNSUZ HƏRBİ DAŞIMALARDA TƏCİLİ TİBBİ YARDIM MAŞINLARINDAN İSTİFADƏ EDİR

Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, texniki müşahidə vasitələri ilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.

“Xatırladaq ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.