Prezident İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.