AZƏRBAYCAN YENİ TƏSDİQLƏNMİŞ QANUNLA KOSMİK SƏNAYEDƏ İNKİŞAFA DƏSTƏK VERƏCƏK

Kosmosun qlobal hüquqi mənzərəsində Azərbaycan bu yaxınlarda Kosmik Qanununu qəbul etmiş azsaylı ölkələr sırasındadır. Bu qanun kosmik texnologiyanın üstünlüklərinin ölkəmizdə təbliği və yayılması, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi üçün çox vacibdir.

Bu barədə Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

O qeyd edib ki, bəşəriyyət kosmik fəaliyyətlərlərdə yeni bir dövrə qədəm qoyub: “Son 10 ildə kosmik texnologiyanın inkişafı özü ilə bir sıra çətinlikləri də gətirdi. Məsələn, Kosmos və kosmik trafikin necə idarə olunması, ölkələr və kommersiya tərəfləri tərəfindən Kosmosda toplanan resursların və məlumatların idarə edilməsi, qəzalar baş verdikdə məsuliyyət, Kosmosda işləyən və ya fəaliyyət göstərən tərəflər üçün müxtəlif mübahisələrin həlli və idarəetmə rejimləri və mübahisələrin necə effektiv şəkildə həll olunacağı barədə qayda-qanunun mövcudluğu. Buna görə də, istənilən kosmik fəaliyyətlə məşğul olan ölkələr yumşaq hüquq mexanizmlərinin qəbulu vasitəsilə beynəlxalq qaydalara ehtiyac duyurlar, çünki bu, beynəlxalq kosmik hüquq prinsiplərinə uyğunluğu təmin edəcək, maraqlı tərəflərə hüquqi müəyyənlik təmin edəcək və faydaların bölüşdürülməsinə yanaşmanı inkişaf etdirəcək.

Azərbaycan 2013-cü ildən “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununun iştirakçısıdır. Bu hökumətlərarası Saziş həm iqtisadi, həm də elmi nöqteyi-nəzərdən ölkənin kosmosda fəaliyyətinin artımını sürətləndirməyə kömək edir, eyni zamanda kosmik sektorda intellektual potensialın formalaşdırılması və maddi-texniki baza rolunu oynayır; həm də Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Məqsədimiz Azərbaycanda kosmik sənaye üçün innovativ ekosistemi yaratmaq və dəstəkləmək üçün sabit sənaye və texnoloji mühit yaratmaqdır. Bu, həm özəl kosmik şirkətləri, həm regionun, həm də dünya üzrə startapların, eləcə də aparıcı kosmik şirkətlərlə birgə fəaliyyət göstərən müəssisələri ölkəmizə cəlb edəcək. “Azərkosmos” artıq bu istiqamətdə planları həyata keçirməyə başlayıb. Kosmik sektorun aparıcı şirkətləri ilə danışıqlar aparılır, müxtəlif özəl biznes və startaplarla sıx əlaqələr qurulur və Azərbaycan hökumətinə müxtəlif təşəbbüslər təqdim edilir.

Azərbaycan Kosmik Qanunu açıq şəkildə öz sahəsində beynəlxalq sənədlərlə müqayisə edilib və eyni sektorda digər beynəlxalq təşəbbüslərlə müqayisə edildikdən sonra birmənalı demək olar ki, bu Qanun hərtərəfli qanunvericiliyə dair bütün tələblərə cavab verir, məhdudlaşdırıcı deyil, həvəsləndirici xarakter daşıyır və Azərbaycanda kosmik fəaliyyətin genişləndirilməsi üçün bələdçi rolunu oynayan layihəni təqdim edir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu il avqustun 4-də Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.